Platform

Azərbaycan Milli Cəbhəsinin siyasi platformu

Azərbaycan Milli Cəbhəsi Güney Azerbaycanda müxtəlif intellektual cərəyanlardan ibarət bir plüralist təşkilat olaraq öz siyasi proqramı və görüşünü aşağıdakı qeyd olan 14 maddədə bəyan edir:

  1. Hakimiyyət millətindir. Heç bir güc heç bir zaman bu əsas prinsipi və yaradılmış demokratik hökumətin səlahiyyətini məhdudlaşdıra bilməz.
  2. Xalqların öz müqəddəratını təyin etmə haqqını əsas tutaraq beynəlxalq hüquq normaları çərçivəsində indiki İran dövlətinin tərkibində olan Güney Azərbaycanın tarixi torpaqlarında Azərbaycan milli hökumətini qurmaq.
  3. Vətəndaşlarımızın huquqlarının mudafiəsi üçün “BMT” tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsini (ÜİHB) qəbul etmək və tətbiq etmək.
  4. Qadınlar, uşaqlar, əlillər dil hüquqları ilə bağlı beynəlxalq aləmdə tanınımş bütün bəyannamə və konvensiyaları qəbul etmək, bu haqları müdafiə etmək. işgəncə və ölüm cəzalarının qadağan olunmasını, siyasi, dini, cinsi, əqidə və irqi ayrı-seçkiliklərin aradan qaldırılmasını təmin etmək.
  5. Din və fikir azadlığının ən önəmli təminati kimi dövlət quruculuğunda din və dövlətin ayrılması, dövlət idarə ediciliyində və qanunvericiliyində layikliyin, dünyəviliyin təməl prinsip kimi qəbul olunması.
  6. Demokratiyanın əsas sutunlarından olan söz azadlığının təminati üçün heç bir hakimiyyətə bağlı olmayan müstəqil medialar: radio, televiziya, mətbuat və sosyal şəbəkələr yaradılmalıdır.
  7. Bu gün insanlığın üzləşdiyi böyük qlobal problemlərdən olan ekologiyanın çirklənməsi və ətraf mühitin qorunması bölgəmiz üçün də aktual bir məsələdir. Azərbaycan hökuməti xalqımızın sağlam mühitdə yaşayıb var olmasını və gələcək nəsillər üçün ətraf mühitin qorunmasini daima diqqət mərkəzində saxlamalı, ekologiyayla bağlı beynəlxalq layihələrdə aktiv iştirak etməli, bu sahədə dövlət proqramı hazırlamalı, ölkənin sənayəsinin, iqtisadiyyatının inkişafında ekologiyaya vurulan zərərin minimuma endirilməsini və “insan faktorunun” hər zaman ön plana çixartmalıdır.
  8. Min illərdən bəri bölgədə çoxunluq sayılan Azərbaycan türkləri Azərbaycanın tarixi torpaqlarında böyük və şərəfli imperiyalar və sülalələrin qurucusu olmuşlar. Türk sülalələri tarix boyu tolerantlıq numayiş etdirərək, müxtəlif etnik və dini azlıqlarla dinc şəkildə birgə yanaşı yaşamaq üçün təqdirəlayıq bir model yaratmağa nail olmuşlar. Müstəqil Azərbaycan dövləti bu tarixi təcrübədən yararlanaraq, Cənubi Azərbaycanda bütün etnik qrupların və dinlərin sülh və ədalətli inkişafını təmin etməli və bu yeqanə modeli bir miras kimi qorumalıdır.
  9. Güney Azərbaycanda rəsmi dil kimi “Azərbaycan türkcəsi” tanınacaq. Digər milli azlıqların dilləri, mədəniyyəti, inancları bütün toplumumuzun qazandığı mədəni zənginlikdir. Milli azlıqların öz ana dilində təhsil alması, öz mədəniyyətini inkişaf etdirməsi və kültür irsinin qorunmasi Güney Azərbaycanda milli hökumət tərəfindən təmin olunmalıdır.
  10. Vətənimizin iqtisadi, siyasi, sosyal, mədəni inkişafını “insan kapitalı” üzərində qurmağa, yatırımları daha çox millətimizin təhsilinə, elmə yönəldərək ölkəmizi “xam mal” və “kənd təssərüfatı” ölkəsi səviyyəsindən yüksək inkişaf etmiş sənaye ölkəsinə çevirmək.
  11. Azərbaycanın iqtisadı inkişafı önəmli məsələ kimi dəyərləndirilməlidir. Bununla həm ölkəmizin inkişafına, dünyada nufuzunun artmasına, həm də cəmiyyətimizdəki yoxsulluq, səfalət, işsizlik kimi iqtisadi-sosyal problemlərin çözülməsinə xidmət etmiş olacayıq.
  12. Azərbaycan hakimiyyətinin həm daxili həm xarici siyasəti milli maraqlarımız üzərində qurulmalıdır. Demokratik, layiq bir dövlət olaraq beynəlxalq iqtisadi inteqrasiya proseslərində aktiv iştirak etməyə, xarici siyasətimizdə dostluq, əməkdaşlıq, tərəfdaşlığa, qonşu olduğumuz dövlətlərlə dinc, əmin-amanliq şəraitində yaşamağa nail olmalıyıq.
  13. Türk milləti İran coğrafiyasına səpələnmişdir. Bu baxımdan Güney Azərbaycanda milli hökumətin yaranması, İranda bütün məzlum millətlərə xususilə, İran türklərinə yardım olacaqdır. Onların fundamental hüquqlarını müdafiə etmek, yeri gəldiyində maddı-mənəvi dəstek göstərmək Azərbaycan milli hökumətinin diqqət mərkəzində duracaqdır.
  14. Milli rəmz və simvollarımız gələcək dövlətçiliyimizdə millət nümayəndələri tərəfindən təyin olunacaqdır.

Azərbaycan Milli Cəbhəsinin Şurası

21 Mart 2003-ci il Malmö şəhəri, İsveç