Bildiyiniz kimi yanvarın 28-də Xoy şəhəri və ətrafında güclü zəlzələ baş vermişdir. Bu təbii fəlakət nəticəsində dünyasını dəyişən və yaralılar vardır. Soydaşlarımızın qəfil ölümü bizləri çox kədərləndirdi, onların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralılarımızın tezliklə
sağalmalarını arzu edirik!
Zəlzələ Xoy şəhərini və ətraf bölgələri gərçəkdən də viran qoydu. Buna görə də minlərlə vətəndaşlarımız yaralı, qadınlı-uşaqlı, qocalı, xəstəli hamısı qışın bu soyuğunda qarın, yağışın altında həyat sürməkdə davam etməkdədirlər. Sosial mediada zəlzələ ilə əlaqədar yayılmış videolarda onların o acınacaqlı durumunu izlədikcə bizim ürəyimiz burda sızlayır… Niyə insanlarımıza dövlət tərəfindən lazımı yardımlar göstərilmir?
Başqa ölkələrdə təbii fəlakət baş verdiyində qısa bir zamanda həmin ərazilərə böyük  exniki, tibbi, maddi yardım göndərildiyini, insanları yerləşdirmək üçün çadır şəhərcikləri qurulduğunu və ya onları müvəqqəti olaraq dövlət binalarında yerləşdirildiklərini, davamlı yeməklə-içməklə təchiz olunduqlarını görürük. Bunları biz Xoyda görə bildikmi? Bu qədər yaralı olduğu halda bir tibbi mərkəz quruldumu, axı onların içərisində vəziyyəti çox ağır olanlar vardı? Aclıqdan, soyuqdan əziyyət çəkən bu qədər insanın ahu-naləsini niyə duymadınız?
Sonunda nə qədər giley-güzardan sonra, xaricdən duyduqları tənqidlərdən sonra dövlət tərəfindən ”Xala Xətrin qalmasın” gəlib bir iki dağılmış məhəlləyə baş çəkdilər və özləri ilə çox cüzi yardım gətirdilər ki, bunu gətirməsələr bundan daha yaxşı idi. Nədir bu xalqın günahı, türk olmaqlarımı? Özünüz kömək etmirdiniz bəs niyə Türk Qızılayının yardımlarını geri göndərdiniz, Azərbaycandan yardım etmek istəyini rədd etdiniz? Siz bu xalqdan nə istəyirsiniz? Bu qədər üzücü hadisələrdən sonra ürəyimizə su səpən, bağrımızı qabardan, millətimizin bir daha Öz güvəningücləndirən gözəl hərəkətlər oldu. Bu ağır günlərdə demək olar ki, bütün Güney Azərbaycanımız, Quzey Azərbaycanımız, xaricdə yaşayan hər bir azərbaycanlı bir yumruq oldu, Xoy deyib gecə-gündüz ürəyimiz sızladı, sizləri düşündük, bir milli birlik göstərdik! Yenə sağ olsun bizim milli ictimai fəallarımız! Onların zəhmətlərinin nəticəsində qısa bir zamanda bütün Azərbaycan şəhərlərində böyük yardımlar, yemək-içmək, geyim, çadır, dərman və tibbi ləvazimatlar və digər mühüm şeylər toplanıldı və zəlzələ bölgəsinə göndərildi. Bütün milli fəallarımıza dərin təşəkkürlərimizi bildiririk! Sizinlə fəxr edirik əzizlərimiz! Bəli, bu gün biz də harada yaşamağımızdan asılı olmayaraq vətənimizin bir parçası olan Xoyumuzun yarasını sağaltmaq üçün əlimizdən gələn maddi, mənəvi yardımımızı göstərməliyik. Bu arada yardım kampaniyalarına qoşulmaq istəyirsinizsə öncədən onların etibarlı olub olmadıqlarını mütləq yoxlamağı unutmayın!

Azərbaycan Milli Cəbhəsi (AMC)
4 fevral 2023-cu il
İsveç-Malmö

Share.
Leave A Reply